Azərbaycan, Bakı, 03 noyabr / Trend müxbir K.Zərbalıyeva/ Ali Məhkəmənin Plenumu Şeyda Nəsiblinin və İsmayıl İsmayılovun işi ilə bağlı məhkəmələrin qərarlarının ləğvi və işlərin yeni açılmış hallar üzrə baxılması üçün Appelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edib.
Avropa İnsan Hüquqları Məhkəməsinin Şeyda Nəsibovanın Azərbaycana qarşı iş üzrə 17 yanvar 2008 - ci il tarixli və İsmayıl İsmayılovun Azərbaycana qarşı iş üzrə 17 yanvar 2008 - ci il tarixli qərarları əsasında, həmin işlərə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması nəzərdə tutulub.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Şeyda Nəsibovanın şikayəti üzrə çıxarılan qərarla Azərbaycan dövləti 3 min avro məbləğində cərimələnib.
Şikayətçi İnsan Haqları və Azadlıqları haqqında Konvensiyanın yığıncaqlar və birləşmək azadlığının (maddə 11) və ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6) pozulduğunu iddia edirdi. Avropa Məhkəməsi "İnsan və mühit" qeyri - hökumət təşkilatının rəhbəri İsmayıl İsmayılovun Konvensiyanın 11 - ci maddəsi ilə qorunan toplaşmaq və birləşmək azadlığının pozulduğunu təsdiqləyib.
Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti 1000 avro məbləğində cərimələnib.
Qanuna görə, şəxslər Ali Məhkəmədə yalnız vəkillə təmsil oluna bilərlər. Həmin şəxslərin təmsilçiləri Vəkillər Kollegiyasının üzvləri olmadığından, onları Plenumun iclasına buraxmayıblar.
Nəsiblinin nümayəndəsi İntiqam Əliyev Ali Məhkəmənin hərəkətini qanunsuz hesab edib və bildirib ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6 - cı maddəsinə əsasən, hər bir şəxs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüququna malikdir. "Biz ərizəçilərin hüquqlarını Avropa Məhkəməsində təmsil etmişik, bu qurum bizim öz ölkəsində hüquq praktikası ilə məşğul olan şəxslər kimi statusumuzu tanıyıb. Vəkillər Kollegiyasının üzvünün iştirak etməməsi kimi absurd əsasla bizim Məhkəmənin Plenumuna buraxılmamağımız növbəti pozuntudur",- deyə Əliyev vurğulayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]