Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 2 və 17 saylı cəzaçəkmə müəssisələrində məhkumların kütləvi tibbi müayinəsinə başlanılıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkim və mütəxəssisləri tərəfindən noyabrın 17-dən başlanan müayinələrdən hər iki müəssisə üzrə 1400-ə yaxın məhkumun keçməsi nəzərdə tutulub.
Məhkumların kütləvi müayinəsi ilk olaraq 2 saylı cəzçəkmə müəssisəsində başlayıb.
Ədliyyə orqanlarının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş kütləvi tədbir zamanı məhkumların qan analizi (biokimyəvi, qanın ümumi analizi, yolxucu xəstəliklərin müəyyən edilməsi ilə bağlı analiz), rentgen, kordioloji, ultrasəs, terapevt, nevroloji, psixoloji, dəri-zöhrəvi müayinələri aparılır.
Hər bir məhkum müxtəlif sahələri təmsil edən həkimlərin ümumi müayinəsindən keçəndən sonra, həkimin göndərişi ilə ultrasəs, EKQ, oftomotoloq, qan analizi və rentgen müayinəsindən keçir.
Bazar ertəsi və çərşənbə axşamı günün birinci yarısınadək 2 saylı cəzaçəkmə müəssisəsində 600-ə yaxın məhkumun kütləvi müayinəsi aparılıb.
Həkimlərin verdiyi məlumata görə, müayinələr nəticəsində hələlik məhkumlar arasında vərəmin ağır forması və digər ağır xəstəlikləri olanlar aşakarlanmayıb. Məhkumlar daha çox ürək, qan-damar sistemi xəstəliklərindən, böyrək və digər xroniki xəstəliklərdən şikayətçidirlər.
Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə axşamı Trend -a bildirib ki, kütləvi tibbi müayinə noyabrın 21-də başa çatacaq. Müayinələrin aparılması üçün cəzaçəkmə müəssisələrinə lazımi tibbi avadanlıqlar, laboratoriya müayinə üçün lazımi vasitələr yerləşdirilib.
Müayinələrin nəticələrinə uyğun olaraq tədbirlər görüləcəyini deyən idarə rəisi bildirib ki, yüngül xəstəliklər aşkarlanan məhkumlar müəssisənin tibb məntəqəsində, ağır xəstəliklər aşakarlanmış məhkumlar isə Müalicə Müəssisəsində və ixtisaslaşdırılmış müəssisələrdə müalicəyə cəlb olunacaqlar.
Mehdiyev deyib ki, penitensiar xidmətin imkanlarından kənar olduqda, məhkumların müayinə və müalicəsinə Səhiyyə Nazirliyinin və digər səhiyyə ocaqlarının aparıcı mütəxəssisləri cəlb olunur.
Idarə rəisinin sözlərinə görə, bu il 10-a yaxın məhkum maqnit-nüvə rezonansı müayinəsinin aparılması üçün, daha bir məhkum isə dializ müalicəsi üçün Səhiyyə Nazirliyinin müəssisələrinə aparılıb.
Məhkumlar arasında kütləvi müayinələrin mütəmadi aparıldığını deyən Mehdiyev bildirib ki, bundan öncə Qobustan qapalı həbsxanasında və qadınlar üçün nəzərdə tutulan cəzçəkmə müəssisələrində məhkumlar tibbi müayinələrdən keçirilib və xəstəlik aşkarlanan məhkumların ambulator və stasionar müalicəsi üçün lazımi tədbirlər görülüb.
Mehdiyev deyib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində təqsirləndirilən və cəza çəkən şəxslərin vərəm əleyhinə müayinələri mütəmadi aparılır.
1995-ci ildən başlayaraq Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əldə olunan razılıqdan sonra, ilk dəfə olaraq Penitensiar Xidmətdə vərəmin müalicəsinə başlanılıb.
2007-ci ildə isə ilk dəfə olaraq cəzaçəkmə müəssisələrində multi-rezident vərəmli məhkumların DOTS+ layihəsi üzrə müalicəsinə başlanılıb. 2008-ci ilin noyabrınadək multi-rezident vərəmli 115 məhkum müalicə olunub.
Vərəmli məhkumların ixtisaslaşmış müalicə müəssisəsində bakterioloji laboratoriya fəaliyyət göstərir və orada vərəm çöplərinin aşkarlanması və dərmanlara qarşı həssaslığın müəyyən olunması həyata keçirilir. Müasir avadanlıqların tətbiqi ilə vərəm çöplərinin aşkarlanması və dərmanlara qarşı həssaslığın müəyyən olunması prosesi 3-4 dəfə tez, yəni 15 gündən 1 ayadək müddətdə mümkün olur.
Mehdiyev deyir ki, vərəmin aşkar olunması üçün mülki sektordan gətirilən analizlər də həmin laboratoriyada pulsuz müayinə olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]