Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi "Xəzər - Lənkəran" üzrində qələbəyə görə futbolçuları və məşqçi heyətini mükafatlandıracaq.
"Rəhbərlik futbolçuları və məşqçi heyətini mükafatlandıracaq. Məbləği hələ bilmirəm. Amma hamını razı salacaq məbləğdə mükafatın veriləcəyini deyə bilərəm", - bazar ertəsi Trend - a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
"Qarabağ" bazar günü Lənkəranda "Xəzər -Lənkəran"ı 3:1 hesabı ilə məğlub edib.
Qurbanov bildirib ki, "Qarabağ"ın futbolçuları "Xəzər-Lənkəran"la oyunda meydana qələbə qazanmaq üçün çıxıb.
"Biz bütün oyunlarda meydana üç xal qazanmaq üçün çıxırıq. "Xəzər-Lənkəran"la oyunda da məqsədimiz dəyişməmişdi. Səfərdən öncə 3:1 hesablı qələbə planlaşdırmırdım. Yaxşı ki, hər şey bizim üçün yaxşı nəticələndi", - deyə Qurbanov əlavə edib.
Baş məşqçi hesab edir ki, "Qarabağ"ın qələbəsinə Rasim Kara amilinin təsri olmayıb.
"Hər bir məşqçi komandadan gedə bilər. Bu təbii prosesdir. Biz "Xəzər-Lənkəran"la oyunu başqa matçlardan fərqləndirmirdik. Digər oyunlara necə hazırlaşırdıqsa, bu görüşə də o cür hazırlaşmışdıq. Düşünmürəm ki, Kara amilinin "Qarabağ"ın oyununa təsiri olub".
Kara bu ilin avqust ayında "Qarabağ"dan "Xəzər-Lənkəran"a keçib.
Qurbanov qış fasiləsində komandada dəyişikliklərin olub-olmayacağı ilə bağlı hələ qərar vermədiyini bildirib.
"Hər bir komandada müəyyən vaxt keçdikdən sonra dəyişikliklər olmalıdır. Amma mən hələ bununla bağlı qərar verməmişəm. Azərbaycan Premyer-Liqasında birinci dövrə başa çatandan sonra, rəhbərliklə planlarımızı müzakirə edəcəyik".
Qurbanov bu ilin avqust ayından "Qarabağ"ın baş məşqçisidir. O, əvvəllər "Neftçi" klubunun baş məşqçisi olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]