Azərbaycan, Xaçmaz, 28 noyabr / Trend müxbir A.Qafarov/ Azərbaycandan Həcc ziyarətinə yollanmış zəvvarlardan biri, Quba sakini Feyzulla Ağaverdi oğlu Şıxverdiyev dünyasını dəyişib.
Trend -un məlumatına görə, Şıxverdiyev Məkkədə namaz qılan zaman ürək tutmasından vəfat edib.
Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qazi Axund Hacı Naib Trend -a zəvvarın rəhmətə getməsi faktını təsdiqləyib. O bildirib ki, dünyasını dəyişmiş zəvvar artıq Məkkədə dəfn olunub.
Trend -un arayışı: 2008-ci ildə Azərbaycana Həcc ziyarəti üçün 6000 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ayrılan yerlərin bir hissəsi boş qalıb.
Noyabrın 22-də 1700 nəfər zəvvar 44 avtobusla Həcc ziyarətinə yola düşüb.
Ötən illə müqayisədə, bu il Həcc ziyarətinə zəvvarların aparılması üzrə qiymətlərdə də artım var, zəvvarların təyyarə ilə aparılması 3500 manat, avtobuslarla aparılması isə 2050 manata başa gəlir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]