...

Astanada 20 Yanvar faciəsinin  19 - cu ildönümü qeyd olunub

Cəmiyyət Materials 19 Yanvar 2009 17:46 (UTC +04:00)

Qazaxıstan, Astana, 19 yanvar/ Trend , müxbir K.Konırova/ Astanada  20 Yanvar faciəsinin  19-cu ildönümü qeyd olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə  bazar ertəsi Turan - Astana Universitetində  faciəyə həsr olunmuş Xatirə Günü baş tutub. Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lətif Qəndilov tədbiri açaraq,  Bakıdakı  hadisələr zamanı həlak olanların xatirəsini bir dəqiqə sükutla yad etməyi təklif edib.

Səfir xatırladıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının hərbi hissələri yeridilib.

"Daxili qoşunların iri kontingenti və xüsusi təyinatlı dəstələrin Bakıya daxil olması  xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşahidə olunub. Dinc əhaliyə divan tutulub, yüzlərlə insan öldürülüb, yaralanıb və itkin düşüb", - deyə Qəndilov bildirib.

Tədbirdə  Turan-Astana Universitetinin tələbə və müəllim heyəti, Azərbaycan səfirliyi, Azərbaycanın Astanadakı diasporu, "Qazaxıstan - Azərbaycan" Dostluq Assosiasiyasının nümayəndələri və jurnalistlər iştirak ediblər.

1990 - cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə nəticəsində 132 nəfər öldürülüb. 744 nəfər ağır xəsarət alıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs olunub. Yanvarın 20 - də, fövqəladə vəziyyət elan olunduqdan sonra,  daha 21 nəfər qətlə yetrilb. Rayonlarda (Neftçalada, Lənkəranda) 26 nəfər öldürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti