Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Antarktidaya ilk ekspedisiyası 250 min manata başa gəlib.
Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərlik etdiyi Azərbaycan ekspedisiyası dekabrın 24-dən fevralın 1-nə qədər Antarktidada olub.
"Azərbaycan-Antarktida" ilk ekspedisiya qrupu materikin ən yüksək zirvəsi - 5140 metr hündürlüyə malik Vinson dağını fəth edib.
"Məbləğin böyük hissəsini Qərb Universiteti, qalanını isə iştirakçılar özləri ödəyiblər", - çərşənbə axşamı jurnalistlərə Bağırov məlumat verib.
Nazir Antarktidada topladığı materiallar əsasında kitab yazmağı planlaşdırdığını deyib.
Onun sözlərinə görə, cənub materikində tədqiqatlar üçün iki nümunə götürülüb. "Bizim nümayəndə heyətinin məqsədi Antarktidanın fəth olunması tarixində Azərbaycanın da adının həkk olunmasıdır", - Bağırov əlavə edib.