Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun prezidenti Mais Mənsimov komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağını bildirib.
"Biz Çempionlar Liqasında iştirak haqqında düşünürük. Artıq qitə kuboklarındakı uğursuzluğa son qoymalıyıq", - "Xəzər-Lənkəran" klubunun rəsmi saytına açıqlamasında Mənsimov deyib.
"Xəzər-Lənkəran"ın 2008-ci ildə UEFA kubokunda çıxışı uğursuz olub. Polşanın "Lex" komandası ilə hər iki oyun "Xəzər-Lənkəran"ın məğlubiyyəti ilə nəticələnib.
Klub prezidenti "Xəzər-Lənkəran"ın transfer siyasətindən razı qaldığını deyib.
"Ahmet Dursun və Fatih Sonkayanı transfer etməklə, bir daha məqsədimizin dünya səviyyəli klub yaratmaq olduğunu göstərdik", - deyə Mənsimov əlavə edib.
"Xəzər-Lənkəran" bir neçə gün əvvəl Türkiyənin iki tanınmış futbolçusu - Ahmet Dursun və Fatih Sonkaya ilə müqavilə bağlayıb.
Hesabında 26 xalı olan "Xəzər-Lənkəran" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 4-cü yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]