Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /
Gürcüstanda yaşayan azərbaycanlıların bir çoxu dövlət dilini zəif bilir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Gürcüstanın diaspor işləri üzrə dövlət naziri İulon Qoqaşidze bildirib.
"Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan məktəblərində gürcü dilinin tədrisinin yaxşılaşdırılması üçün tədbirlər görür. Gürcüstanda 228 Azərbaycan məktəbi fəaliyyət göstərir", - deyə dövlət naziri bildirib.
Azərbaycanın qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi məlumatlarına görə, Gürcüstanda təqribən 500 min azərbaycanlı yaşayır - əsasən Kvemo-Kartli (Borçalı) rayonunda.
Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, ana dilində təhsil almaq, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.
Qoqaşidzenin sözlərinə görə, Gürcüstandakı Azərbaycan diasporu ölkənin bir hissəsidir. "Azərbaycanlılar Gürcüstanda qədimdən və öz şəxsi torpaqlarında yaşayırlar. Azərbaycanın diaspor təşkilatları ilə şəxsən tanışam və onlarla əlaqə saxlayram", - deyə o bildirib.
Gürcüstanın dövlət naziri ölkədə mövcud olan gürcü diasporunun vəziyyəti və fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Azəçrbaycana gəlib. Qoqaşidzenin səfəri Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun dəvəti ilə baş tutub.
Gürcüstanın dövlət naziri martın 7-dək Azərbaycanda səfərdə olacaq. Qoqaşidzenin Azərbaycanın təhsil, mədəniyyət və turizm nazirləri ilə görüşü planlaşdırılıb.
Qoqaşidzenin sözlərinə görə, o, səfər çərçivəsində Azərbaycanın gürcülərin kompakt yaşadığı Qax, Balakən və Zaqatala rayonlarına gedəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]