Rusiya, Moskva, 24 mart / Trend müxbir R.Ağayev/ Biz Azərbaycan yığmasının Finlandiya ilə oyununu izləmişik və mən deyə bilərəm ki, Azərbaycan komandası özünü kifayət qədər texniki cəhətdən hazırlıqlı nümayiş etdirib və öz təcrübəsini göstərib. Bunu eksklüziv olaraq Trend müxbirinə bu gün Moskvada "Lujniki"dəki brifinqdən sonra Rusiyanın futbol üzrə yığmasının baş məşqçisi Qus Hiddink deyib.
"Finlərlə oyun göstərib ki, Azərbaycan komandası çox yaxşı təşkil olunub və əgər biz bunu dəyərləndirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bundan əlavə Azərbaycan yığmasının baş məşqçisi beynəlxalq səviyyədə böyük təcrübəyə malikdir. Ona görə də bu oyun bizə heç də asan gəlmir", - deyə o bildirib.
Jurnalistlərin suallarını cavablandıran Hiddink qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı oyun olduqca önəmlidir. Məşqçi həmçinin bu görüşə çoxlu sayda bilətlərin satılmasından da öz məmnunluğunu ifadə edib.
Berti Foqts haqda danışan Hiddink onu dünya miqyasında ən təcrübəli mütəxəssislərdən biri kimi qiymətləndirib. "Berti Foqts çox təcrübəlidir və biz olduqca ehtiyatlı olmalıyıq. Çünki Azərbaycan bizə xoşagəlməz sürprizlər hazırlaya bilər", - deyə o bildirib.
Hiddink əlavə edib ki, Azərbaycanla finlərin oyunu diqqətlə izləyib və bu, bir daha Foqtsun taktiki cəhətdən olduqca düşünülmüş oyun keçirdiyini göstərib.
"Azərbaycan çox düzgün və ağıllı oyun nümayiş etdirib. Finlandiya yığmasının əksər üzvlərinin Avropa klublarında çıxış etmələrinə rəğmən Foqstun yetirmələri rəqibə qarşı layiqli oyun nümayiş etdirib", - deyə o vurğulayıb.
RF yığmasının baş məşqçisi qeyd edib ki, azərbaycanlı futbolçular müdafiədə fəal oynayacaqlar və hücum etməyə çalışacaqlar. "Bu isə çox təhlükəli ola bilər", - deyə o bildirib.
Hiddinkin fikrincə, rəqibləri dəyərləndirməmək olmaz. "Əgər rəqibi dəyərləndirməsək, bu, artıq 1-0 onun xeyrinə olacaq. Burada səhv qızılın qiymətinə bərabərdir", - deyə o vurğulayıb.
Hiddink əlavə edib ki, Rusiya yığmasının tərkibini həftəsonu müəyyənləşdirəcək və bu haqda Azərbaycan yığması ilə oyunöncəsi məlumat veriləcək.