...

Azərbaycan Ombudsmanı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Cəmiyyət Materials 29 Mart 2009 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar günü Trend -a daxil olan bəyanatda deyilir ki, beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı bu zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.

Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağıran Ombudsman Elmira Süleymanova soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inandığını vurğulayıb.

Bəyanat BMT-nin Baş katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Trend -un arayışı: Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixinin XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti