...

Azərbaycan paytaxtında ermənilərin törətdiyi soyqırımla bağlı Hollandiyada aksiya keçirilib

Cəmiyyət Materials 30 Mart 2009 15:53 (UTC +04:00)
Azərbaycan paytaxtında ermənilərin törətdiyi soyqırımla bağlı Hollandiyada aksiya keçirilib

Azərbaycan, Bаkı, 30 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın paytaxtı Bakıda ermənilərin 1918-ci il martın 31-də törətdiyi soyqırımla bağlı Hollandiyada etiraz aksiyası keçirilib.

"Aksiya Niderland krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin və onun nəzdindəki Azərbaycan-Hollandya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə Rotterdam şəhərində baş tutub", - bazar ertəsi Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixinin XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Tədbirə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri qatılıblar. "Aksiyada iştirak edən 150-yə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyinib, başlarına mavi papaq qoyublar", - məlumatda vurğulanır.

Komitədən bildirilib ki, etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu holland dilində hazırlanan 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti