...

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma beynəlxalq hüquqi qiymət verilənə qədər təbliğat davam etdirilməlidir - deputat

Cəmiyyət Materials 31 Mart 2009 12:19 (UTC +04:00)
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma beynəlxalq hüquqi qiymət verilənə qədər təbliğat davam etdirilməlidir - deputat

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin (Milli Məclis) deputatı Qənirə Paşayeva bildirib ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma beynəlxalq hüquqi qiymət verilənə qədər təbliğat davam etdirilməlidir.

"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün soyqırımların dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və bu proses soyqırımı törədənlər məsuliyyətə cəlb olunana qədər davam edəcək", - çərşənbə axşamı 31 mart soyqırımı ilə bağlı Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırım zamanı həlak olanların xatirəsinə ucaldılan abidənin önündə çıxışı zamanı deputat Paşayeva deyib.

Trend -un arayışı: Milli Məclisin bir qrup deputatı çərşənbə axşamı Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırım zamanı həlak olanların xatirəsinə ucaldılan abidənin önündə tədbir keçirib.

2007-ci ilin aprelin ortalarında paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra dərhal ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırım nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında bir neçə arxda qazıntılar aparılıb və yüzlərlə insanın sümükləri aşkarlanıb.

Ermənilərin 1918-ci ildə Qubada törətdikləri soyqırım zamanı 16 min dinc əhali qətlə yetirilib, 122 kənd, 26 məscid, yüzlərlə ev və digər tikililər yandırılaraq məhv edilib.

Paşayevanın sözlərinə görə, ermənilərin 1918-ci ildə Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırımın üstündən 91 il keçməsinə baxmayaraq, bu hadisənin səbəbkarları hələ də layiqli cəzalarını almayıblar. Millət vəkili deyib ki, bunun bir səbəbi də Sovetlər dövründə azərbaycanlılara öz tarixlərini istədikləri kimi araşdırıb, yazılmasına imkan verilməməsi olub. Amma Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 1918-ci il 31 mart hadisələrinin soyqırım kimi qeyd olunması haqda sərəncam verilib.

"Bundan ötən müddətdə erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması üçün xeyli işlər görülüb. Amma biz tarixi unutmamalıyıq. Ermənilərin Qubada törətdikləri soyqırımla bağlı ingilis dilində sənədli film çəkilib və yaxın müddətdə həmin film həm Avropa Şurasına, həm də digər beynəlxalq təşkilatlara təqdim olunacaq", - deputat deyib.

Qubadan deputat seçilən Vahid Əhmədovun sözlərinə görə, ermənlərin 1918-ci ildə törətdikləri soyqırımı sübut edən daha bir fakt 2007-ci ilin aprel ayında aşkarlanıb. Belə ki, həmin vaxt Quba stadionu yaxınlığında ermənlər tərəfindən vəhşiliklə qətlə yetirilmiş insanların iri quyularda basdırılmış məzarlığı aşkarlanıb.

Millət vəkilləri 2007-ci ilin aprel ayında aşkar edilən kütləvi məzarı da ziyarət ediblər.

Trend -un arayışı: Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti