...

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Bakıda Məhəmməd Peyğəmbər məscidinin sökülməsinə etiraz edir

Cəmiyyət Materials 4 Aprel 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) qanunsuz tikildiyi iddia edilən Məhəmməd Peyğəmbər məscidinin Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsinə etiraz edir.

DEVAMM-ın sədri, İçərişəhər "Cümə" məscidinin imamı Hacı İlqar İbrahimoğlunun şənbə günü Trend -a daxil olan bəyanatında "Hər bir halda, əgər məscidin binası artıq inşa edilmişdirsə və hansısa sənədlər qaydasında deyilsə, bu halda məscidi dağıtmaq yox, sənədləri qaydaya salmaq lazımdır" deyə vurğulanır.

Trend -un arayışı: Yasamal Rayon Məhkəməsi ötən il noyabrın 28-də Yasamal Rayon İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal Rayon məhkəməsinin Qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Məhkəmə qətnaməsi qüvvəyə minmədən martın 30-da axşam saat 19.00 radələrində rayon icra hakimiyyətinin başçısı və bir neçə əməkdaşı məscidə gələrək, hasarları, məscidin qapılarındakı "Quran" kitabını və məscidin adı yazılmış lövhəni söküb.

İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev öncə Trend -a bildirib ki, məhkəmə qərarının qüvvəyə minmədən məscidin sökülməsinə başlanması qanunsuzdur.

İbrahimoğlu bəyanatında qeyd edib ki, məscid sökmək kimi bir əməl törətmək - mənəviyyat və inanc ziddinə olmaqla yanaşı, İslam mədəniyyətinin builki paytaxtı olan Bakıda törədilməklə, ölkənin nüfuzunu yetərincə sarsıdan bir məsələdir.

"Etiqad ünvanları ilə belə davranmaq qətiyyən yolverilməzdir", - deyə İbrahimoğlu vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti