...

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporu Türkiyə prezidentinə bəyanat ünvanlayıb

Cəmiyyət Materials 8 Aprel 2009 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülə və Baş naziri Rəcəb Tayyib Ərdoğana bəyanat ünvanlayıb.

Trend -a çərşənbə günü daxil olan bəyanatda deyilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair yayılan xəbərlər narahatlıq doğurur.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Bu addım bəlkə gələcəkdə regionun inkişafına səbəb ola bilər, amma ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırım və digər faciələri unutdura bilməz", - deyən cəmiyyət rəhbərliyinin fikrincə, Türkiyə dövləti ermənilərin türk xalqının başına gətirdiyi müsibətləri, həmçinin Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə alaraq, Ermənistanla sərhədlərin açılması məsələsinə daha həssas yanaşmalı və bunun yolverilməzliyini bütün dünyaya nümayiş etdirməlidir.

Dubaydakı Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti