...

Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz ediblər

Cəmiyyət Materials 8 Aprel 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /  

Almaniyada yaşayan azərbaycanlılar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına etiraz ediblər.

"İki qardaş ölkənin münasibətlərində belə bir məqamın ortaya çıxması azərbaycanlıları mənəvi cəhətdən gözlənilməz fakt qarşısında qoyub", - çərşənbə günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

"Ermənistan tarixin bütün dövrlərində Azərbaycan ərazilərinə iddialı olub və sonuncu dəfə 1988-ci ildə başlanan etnik təmizləmə əməliyyatlarının nəticəsi, artıq 20 ilədək həllini tapmayan Qarabag münaqişəsinin faciələri, Dağlıq Qarabağ və onun ətrafındakı 7 Azərbaycan rayonunun işğalı, 1 milyonadək insanın doğma torpağından didərgin salınması və başqa faktlar göz qabağındadır", - bu barədə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin müraciətində qeyd edilir.

Mərkəzdə təmsil olunan bütün diaspor təşkilatları Türkiyə dövlətinə, siyasətçilərinə, media orqanlarına, elm və incəsənət xadimlərinə müraciət edərək, Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz səslərini ucaltmağa çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti