...

Azərbaycan gimnastları İsraildəki turnirin gümüş medallarını qazanıblar

Cəmiyyət Materials 27 Aprel 2009 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir А.Hüseynbala /

"Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası İsrailin Xolon şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb", - Trend -a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən deyilib. Yarışların birinci günündə qızlarımız beş lentlə çalışmalarda 23.425 bal toplayaraq Rusiya və İsraildən sonra üçüncü nəticə göstərib.

"Növbəti gün Səbinə Abbasova, Nigar Əbdülsəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova daha yaxşı çıxış ediblər", - baş məşqçi Mariana Vasilyeva qeyd edib. Qrup komandası 23.85 bal alıb və ikinci pilləni tutub. Komandamız meydan sahibləri İsraildən dala qalsa da, Rusiya və Bolqarıstanı arxada qoyub. "Mənim yeniyetmələrim üçün bu turnir, mayın 15-17-də Bakıda keçiriləcək Avropa çempionatı üçün sonuncu yaxşı hazırlıq oldu", - bolqar mütəxəssis bildirib.

Xolonda həmçinin, bədii gimnastika üzrə Qran-Pri seriyasının növbəti mərhələsinin yarışları da keçirilib. Aliyə Qarayeva və Anna Qurbanova hərəsi iki - ip və topla hərəkətlər üzrə finalda çıxış ediblər. Aliyə iki dəfə dördüncü, Anna isə topla beşinci, iplə altıncı olub. Çoxnövçülükdə Qarayeva və Qurbanova müvafiq olaraq yeddi və səkkizinci yerləri tutublar. Birinci yeri Yevgeniya Kanayeva, ikinci yeri onun rəfiqəsi Darya Kondakova, üçüncü yeri isə İsraildən İrina Risenzon tutub.

Azərbaycanı Bakıdakı Avropa çempionatında təmsil edəcək üçüncü gimnastımız Zeynəb Cavadlı Dünya Kubokunun Maribordakı (Sloveniya) yarışında iştirak edib.

Təsnifat mərhələsinin yekunlarına görə, o, iki finalda çıxış etmək hüququ əldə edib. İp və halqa yarışlarının hər ikisində Zeynəb yeddinci olub. Çoxnövçülükdə isə 28 iştirakçı arasında 9-cu yeri tutub.

Qalib adını Olqa Kapranova, ikinci və üçüncü pilləni müvafiq olaraq iki belaruslu idmançı Melitina Sanyuta və Lyubov Çarkavina tutub.

Bu həftə gimnastlar Apennin yarımadasına yollanacaq. Orada mayın 1-3-də Dünya Kubokunun daha bir mərhələsi keçiriləcək. İtaliyanın Pesaro şəhərinə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, həmçinin Azərbaycanın böyüklərdən ibarət qrup komandası yollanacaq", - Federasiyadan deyilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti