Gürcüstan, Tbilisi, 18 may / Trend , müxbir N.Kirtsxaliya /
"Azərbaycan xalqı həmişə Gürcüstan Konstitusiyasını müdafiə edib və bu ölkənin qanunlarına hörmətlə yanaşıb. Buna görə də heç bir anti-konstitusion addımlar atılmayacaq", - dünən radikal müxalifətin Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısında çıxış edərkən, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) rəhbəri Əli Babayev deyib.
Onun sözlərinə görə, metro stansiyasının yaxınlığında hansısa vətəndaşlar gəzir və mayın 20-də Tbilisidə azərbaycanlıların aksiya keçirəcəyi yazılan vərəqələr paylayırlar. Bu mitinq zamanı guya azərbaycanlıların Azərbaycan dilinin Gürcüstanda dövlət dili elan edilməsini tələb edəcəyi bildirilir.
"Bu ağ yalandır və belə təxribatlara inanmaq olmaz", - Babayev bildirib. Onun sözlərinə görə, hökumət belə təxribatçıları həbs etməlidir.
"Gürcüstan azərbaycanlıları ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və biz həmişə gürcü xalqının yanında olacağıq. Bu cür təxribatların qarşısının alınması vaxtı gəlib çatıb", - o deyib.
Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) mayın 20-də Tbilisidə parlamentin qarşısında aksiya keçirərək Azərbaycan dilinin dövlət dili elan olunmasını və bütün Gürcüstan ərazisində yayımlanacaq Azərbaycan dilli TV-nin yaradılmasını tələb edəcək.
Azərbaycan QHT-lərinin qeyri-rəsmi məlumatlarına görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır. Onlar əsasən Kvemo-Kartli (Borçalı) rayonunda məskunlaşıblar.
Gürcüstan azərbaycanlıları dövlət və ana dilinin öyrənilməsi, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətçidirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]