...

Bakıda dünya türk gənclərinin toplantısı keçiriləcək

Cəmiyyət Materials 22 May 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva /

Bakıda dünya türk gənclərinin toplantısı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Dünya Türk Gəncləri Birliyinin (DTGB) VIII Liderlər Toplantısının açılış mərasimi mayın 23-də hökumət nümayəndələri, millət vəkilləri, gənclər birliklərinin iştirakı ilə keçiriləcək.

May ayının 26-na kimi davam edəcək toplantıda türk dövlət, muxtar dövlət və topluluqlarında fəaliyyət göstərən gənclər birliklərini təmsil edən gənc liderlər və DTGB ilə daimi əməkdaşlıq edən KİV nümayəndələri iştirak edəcəklər.

Türk Dünyası Gənclik Günləri və Qurultayları arasında keçirilən Liderlər Toplantısı Dünya Türk Gəncləri Birliyi tərəfindən təşkil olunur.

Builki toplantı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və TİKA-nın dəstəyi ilə keçirilir.

Toplantının ilk günü nümayəndələr komissiyalar üzrə müzakirələrə başlayacaqlar. Ayın 24-də gün ərzində komissiyalar üzrə müzakirələr davam etdiriləcək və günün sonunda toplantının yekun sənədləri qəbul ediləcəkdir.

Toplantının proqramına əsasən, may ayının 25-də nümayəndələrin Milli Məclisdə görüşü olacaq.

DTGB 1992-ci ildə Kazanda əsasən keçmiş SSRİ ərazisində yaşayan türksoylu xalq və topluluqları təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi qurultayda təsis edilib. Birliyin yaranmasının ilk təşəbbüsçüləri Tatarıstandan "Azadlıq" Gənclər Təşkilatı, Başqırdıstandan Demok¬ratik Gənclər İttifaqı, Balkar Gənclərinin "And" Təşkilatı və Kırım-Tatar Məclisinin gənc üzvləri olub.

Bu günə kimi bir dəfə Türk Dünyası Gənclik Günləri və Qurultayı (2000), iki dəfə isə Liderlər Toplantısı (1993, 1997) Bakıda keçirilib.

Hazırda respublikamızı DTGB-də Gənclər Təşkilatlarının Milli Şurası təmsil edir. VIII Türk Dünyası Gənclik Günləri və Qurultayında təsis olunmuş Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbərliyi (1998-ci ildən) və DTGB İcraiyyə Komitəsi (2000-ci ildən) Bakıda fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti