...

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunanların məhkəməsi qapalı keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir H.Bağırov /

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunanların işi ilə bağlı bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası davam etdirilib.

İclasda təqsirləndirilənlərin vəkillərinin qaldırdığı vəsadətlərin heç biri qəbul edilməyib. Vəkillərin birinci vəsadətində məhkəmənin açıq keçirilməsi, ikinci vəsadətdə isə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı cinayət işinin arayışının təqdim edilməsi istənilmişdi.

Dövlət itttihamçısının isə məhkəmənin qapalı keçirilməsi ilə bağlı qaldırdığı vəsadət təmin edilib.

Məhkəmə baxışı iyunun 24-də keçiriləcək.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn Livan, qalan 4 nəfər - Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdır.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportlarının olduğu bildirilir.

Adı çəkilən Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti