...

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqın edən şəxsin metroda terror törətmək istəyi olub - Bakı Metropoliteninin rəisi

Cəmiyyət Materials 3 İyul 2009 13:33 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqın edən şəxsin metroda terror törətmək istəyi olub - Bakı Metropoliteninin rəisi

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqın edən şəxsin çox güman ki, metroda terror törətmək istəyi olub, Trend -un məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

"Amma metroda terror törədə bilməyəcəyini başa düşüb və bu fikrindən daşınıb", - deyə Əhmədov vurğulayıb.

Trend -un arayışı: Bu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Metropoliten rəisinin sözlərinə görə, Metropolitendə təhlükəsizlik yüksək səviyyədə qorunur.

Əhmədov bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edən Fərda Qədirovun üzərindən metro kartı aşkarlanandan sonra aparılan araşdırma ilə müəyyən edilib ki, o, son iki gündə metrodan istifadə etməyib.

Metropoliten rəsmisi bildirib ki, vaqonlarda təhlükəsizliyi təmin etmək və nəzarəti gücləndirmək üçün iyulun 1-dən 16 yeni ştat açılıb.

"Bakı Metropoliteninin hər bir nöqtəsi videokameralarla izlənilir. Yalnız vaqonlarda kameralar yerləşdiriliməyib. Yeni işə götürülən şəxslər vaqonlarda nəzarəti həyata keçirəcəklər", - deyə Əhmədov vurğulayıb.

Əhmədov gələcəkdə vaqonlarda da kameraların quraşdırılacağını deyib. Onun sözlərinə görə, əvvəllər metroda təhlükəsizlik baxımından kameralar vasitəsilə aparılan çəkilişlər 10 gün müddətinə saxlanılırdısa, artıq bu çəkilişlər arxivləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti