...

Azərbaycan Ombudsmanı baş prokurora müraciət edib

Cəmiyyət Materials 7 İyul 2009 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı Lənkəran Şəhər Polis Şöbəsində baş vermiş intihar faktının obyektiv araşdırılması üçün baş prokurora müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, müraciətdə intiharla bağlı polis əməkdaşları tərəfindən qanun pozuntusuna yol verildiyi müəyyən olunarsa, pozuntuya yol vermiş polis əməkdaşlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılması xahiş olunur.

Lənkəran ŞPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasında (MST) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (narkotik vasitələrin qanunsuz saxlanılması) təqsirləndirilən şəxs qismində saxlanılan Lənkəran rayon sakini, 46 yaşlı Rüstəm Nəbi oğlu Əliyev iyulun 2-də saxlanıldığı kameranın pəncərəsinin dəmir barmaqlığından köynəyi ilə özünü asaraq intihar edib.

Ombudsman Elmira Süleymanovanın tapşırığı ilə Aparatın əməkdaşları Əliyevin ailə üzvləri ilə görüşüb.
Söhbət zamanı mərhumun qardaşı İlham Nəbi oğlu Əliyev və həyat yoldaşı Nazlı Əliyeva Əliyevin barəsində olan cinayət işinin istintaqının Lənkəran ŞPŞ-də aparıldığını, istintaq zamanı müstəntiq və cinayət-axtarış şöbəsinin rəisi tərəfindən törətmədiyi cinayət əməlini etiraf etmək məqsədi ilə ona təzyiqlər edildiyini bildiriblər.

MST-nin rəisi Xətail Rəcəbov aparatın əməkdaşlarına bildirib ki, polis əməkdaşları və orada saxlanılan şəxslər tərəfindən mərhum hər hansı bir zorakılığa və ya təzyiqə məruz qalmayıb, ona qarşı heç bir qanunazidd hərəkətə yol verilməyib.
Əliyevin intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb və hazırda istintaq aparılır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti