...

Azərbaycanın ali məktəblərinə üçüncü qrup üzrə imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 8 İyul 2009 11:12 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə üçüncü qrup üzrə imtahanın nəticələri açıqlandı

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Respublikası ali məktəblərinə 2009/2010-cu tədris ili üçün III ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, 10595  abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

"Onlardan iki nəfəri 700 bal toplayıb. İmtahanın nəticələri iyulun 7-də TQDK-nın internet səhifəsində yerləşdirilib", - çərşənbə günü Trend -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

"İyulun 5-də keçirilən imtahanın nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 və ya 7737 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər", - məlumatda qeyd edilir.

 III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35772 abituriyent sənəd verib. Onlardan  34198 nəfəri imtahan verib, 1559 abituriyent isə imtahanda iştirak etməyib. 15 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.

III ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 9526-dır.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

Məlumatda bildirilir ki, ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub. İxtisas seçimi mərhələsinə III ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar.

Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı "Abituriyent" jurnalında yaxın günlərdə dərc olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti