Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Mətbuat Şurasına 2009-cu ilin ilk yarısında 247 müraciət edilib.
"Onlardan 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardan daxil olub", - çərşənbə günü Trend -a Mətbuat Şurasından bildirilib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Daxil olan şikayətlərin 23-ü şuranın səlahiyyətinə aid olmadığından baxılmaq üçün müvafiq orqanlara göndərilib. Digər 224 müraciətin araşdırılması istiqamətində şuranın katibliyi tərəfindən müvafiq tədbirlər görülüb. "Katiblik 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün şuranın müvafiq komissiyalarına təqdim edilib", - məlumatda qeyd edilir.
2009-cu ilin ilk yarısında şuraya daxil olan şikayətlərin 102-si komissiyalarda araşdırılıb. "Bunlardan 55-i şikayətlər üzrə komissiyada, 36-ı "reket" jurnalistikaya qarşı mübarizə komissiyasında, 11-i mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında araşdırılıb. Şikayətlər üzrə komissiyada baxılan 55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün şuranın İdarə Heyətinə təqdim edilib", - məlumatda vurğulanır.
"Reket" jurnalistikaya qarşı mübarizə komissiyasında 36 şikayət araşdırılıb.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında 11 şikayət araşdırılıb. "Onlardan 7-i həllini tapıb, 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir", - şuradan bildirilib.
Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 24 olub.
2009-ci ilin ilk yarısında Mətbuat Şurasına Bakıdan 78, Gəncədən 11, Lənkəran və Mingəçevirin hərəsindən 9, Salyan, Laçın, Göy göl, Şirvan və Şəki rayonlarının hər birindən 8, Hacıqabul, Neftçala, Ağcabədi, İmişli və Sabirabad rayonlarının hərəsindən 7, Gədəbəy, Quba və Bərdədən 6, Lerik və Masallı rayonlarından 5, Samux, Şəmkir və Goranboy rayonlarının hərəsindən 4, Göyçay, Qazax və Ağstafa rayonlarının hər birindən 3, Şamaxı və Astara rayonlarından isə 2 şikayət daxil olub. Şuraya daha 10 bölgənin hərəsindən bir şikayət göndərilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]