...

Birinci Azərbaycan ekspedisiyası Kilimancaro dağının Uhuru zirvəsinə çatıb (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Avqust 2009 15:37 (UTC +04:00)
Azərbaycanın ekspedisiya qrupu Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü avqustun 16-da başa çatdırıb. Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" və "Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli" sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıblar.
Birinci Azərbaycan ekspedisiyası Kilimancaro dağının Uhuru zirvəsinə çatıb (YENİLƏNİB)

Əlavə olunub (üçüncü abzasdan sonra)

Azərbaycan, Bakı, 17 avqust  / Trend , müxbir C.Babayeva /  

Avqustun 11-də Bakıdan yola düşən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürüb. Bu barədə Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında bildirilib.  

Ekspedisiya "Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli" şüarı altında həyata keçirilir.

Azərbaycanın ekspedisiya qrupu Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü avqustun 16-da başa çatdırıb. Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" və "Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli" sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıblar, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında bildirilib.

Kilimancaro Afrikanın ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərqində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək "Yeddi zirvə"sindən biridir.

Kilimancaro dağı Ekvatora yaxın olduğu üçün zirvəyə qalxan insan burada yer üzündə mövcud olan bütün iqlim növlərini hiss edə bilər.

Bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci uzaq məsafəli yürüşdür. Bundan əvvəl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu ötən ilin 24 dekabr 2008-ci il tarixində Antarktidaya yürüş etmişdi.

Elmi, siyası, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiya elm adamları ilə bərabər idmançılardan da ibarətdir. Dağçılıq üzrə milli yığmamızın tərkibində (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası versiyasında) federasiyanın "Salavat" İdman Klubunun rəhbəri İlqar İsrafilov, "A+A" İdman Klubunun rəhbəri Adil Fərəcullayev və həkim, dağ idmançısı Eldar Ələkbərov yer alıblar.

Eyni zamanda yığmaya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dağ idmanında yüksək mənəvi meyarların təsdiqi naminə Azərbaycan Alpinizm Federasiyasına etdiyi təklif əsasında, Alpinizm Federasiyasının təqdimatı ilə tanınmış idmançı Yaqub Əsədov da daxil edilib.

Bundan başqa, ekspedisiyanın tərkibində bioloq-mütəxəssis Azərçin Muradov (Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı) və federasiyanın fəalı, salnaməçi-operator Teymur Nəcəfzadə də var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti