Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) Almaniya Pensiya Sığortası İdarəsi ilə əməkdaşlığı davam etdirir.
17-18 avqust tarixlərində Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF-nin birgə təşkil etdiyi və sayca 10-cu seminar keçirilib. Buna qədər müxtəlif mövzulu beş seminar Almaniyanın Berlin şəhərində, dörd seminar isə Bakıda təşkil olunub.
DSMF-nin Sumqayıt şəhər şöbəsinin regional konfrans zalında təşkil edilən seminarda Bakıda səfərdə olan Almaniya Pensiya Sığortası İdarəsinin Hüquq şöbəsinin müdiri May Rüdiger "Almaniyada sosial məhkəmələrin aparılması və alman pensiya sığortası sisteminin maraqlarının sosial məhkəmədə təmsil olunması" mövzusunda geniş təqdimatla çıxış edib. Seminarda sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının yığımı sahəsində hüquqi tənzimləmə mexanizmləri, bu sahədə mövcud olan qanunvericilik, Almaniyada sosial məhkəmələrin aparılması və alman pensiya sığortası sisteminin maraqlarının sosial məhkəmədə təmsil olunması məsələləri müzakirə olunub və bu sahələrdə hər iki ölkənin təcrübəsi öyrənilib, çərşənbə axşamı DSMF-in yaydığı məlumatda bildirilib.
DSMF nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı bu qurumlar arasında ikitərəfli saziş imzalanıb və həmin sənəd çərçivəsində tərəflərin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və birgə seminarların təşkili uğurla davam edir. İndiyə qədər Almaniyada və Azərbaycanda keçirilmiş müxtəlif görüşlərdə sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası, insan resurslarının idarə edilməsi, aktuar hesablamaların tədqiqi və s. məsələlər müzakirə olunub.
DSMF və Almaniya Pensiya Sığortası İdarəsi arasında 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan saziş imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]