Bu gün Tehran Şəhər Məhkəməsində İranda prezident seçkilərindən sonra yaranmış gərginliklər zamanı həbs olunmuş şəxslərin dördüncü məhkəmə prosesi başlayıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Çərşənbə axşamı başlayan məhkəmə prosesində prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən tanınmış siyasi fəallar - Müşarikət cəbhəsinin baş katibi Möhsün Mirdamadi, Müşarikət cəbhəsinin Mərkəzi Şurasının üzvləri Möhsün Səfayi Fərahani, Səid Şəriəti, Abdullah Ramazanzadə, Möhsün Əminzadə, Şəhab Təbatəbayi, Əli Tacerniya, İran İnqilab Mücahidləri Təşkilatının Mərkəzi Şursaının üzvləri Behzad Nəbəvi, Feyzullah Ərəbsorxi, Sadiq Noruzi, Karqozaran Partiyasının Mərkəzi Şurasının üzvi Hidayətullah Aqayi, İranın Ziyalılar Təşkilatının baş katibi və tanınmış jurnalist Əhməd Zeydabadi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvini dəstəkləyən tələbələr təşkilatının sədri Həmzə Qalibi, iranlı jurnalist Məhəmməd Quçaninin işinə baxılır.
Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.
Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurmalar zamanı həlak olanlar qeydə alınıb. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.