Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan ombudsmanı həbs olunmuş gənclərlə bağlı məsələnin barışıq yolu ilə həll olunması üçün aidiyyatı qurumlara müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə görüşüb.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər. Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.1) və qəsdən sağlamlığa az ağır zərər vurma (127) maddələri ilə ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Ombudsmanla görüş zamanı gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli olaraq yekunlaşdırıldığını bildiriblər. Eyni zamanda, onlar məsələnin barışıq yolu ilə həll edilməsi tərəfdarı olduqlarını müvəkkilin diqqətinə çatdırıblar. Gənclər bəzi qəzetlərdə onların siyasi motivlərə görə həbs edilmələri ilə bağlı verilən məlumatların həqiqətəuyğun olmadığını vurğulayıblar. Hər hansı bir siyasi partiyanın üzvü olmadıqlarını, iqtidar və ya müxalifət rəsmilərinin əleyhinə heç bir niyyətlərinin olmadığını deyiblər.
Hacızadə və Milli saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətlənməyiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]