Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib, RİA Novosti yazır.
Təhlükəsizlik Şurasının Polis Akademiyasının yeni binasının açılışına həsr olunmuş geniş iclasında çıxış edən dövlət başçısı qeyd edib ki, Türkmənistan quru sərhədi ilə yanaşı, dəqiq şəkildə mühafizə edilməli olan müəyyən ölçülü dəniz sərhədinə malikdir, Türkmənistan televiziyası xəbər verir.
"Mənim fikrimcə, bunula əlaqədar olaraq hazırda bizim dəniz sərhədimizin möhkəmləndirilməsi və Xəzər sahillərinin yadlardan mühafizəsi üzrə xüsusi işlər həyata keçirilir ", - Berdımuhəmmədov bildirib.
O qeyd edib ki, dəniz hövzəsinin lokasiya və optik nəzarət sistemi yaradılacaq.
Dövlət başçısı bildirib ki, Türkmənistanın sərhəd xidməti artıq müasir sürətli patrul katerlərinin alınmasına başlayıb.
Berdımuhəmmədovun sözlərinə əsasən, Türkmənistanın hərbi-dəniz qüvvələri üçün raketlə silahlanmış iki müasir gəmi alınacaq. Ölkə Prezidentinin fikrincə, bu qüvvələrin hərbi şəraitdə səmərəli tətbiqi üçün Müdafiə Nazirliyinin və Sərhəd Xidmətinin hərbi-dəniz bazasının yaradılması vacibdir. Dövlət başçısının sözlərinə əsasən, bu bazada hərbi-dəniz qüvvələri daimi əsasda yerləşdiriləcək.
Berdımuhəmmədov hərbi və hüquq-mühafizə nazirlikləri və idarələrinə "qaçaqmalçılar, terrorçular və Türkmənistanın dövlət dəniz sərhədini pozmağa çalışan və ya orada qeyri-stabil vəziyyəti yaratmaq istəyən digər qüvvələrə qarşı səmərəli mübarizə aparmağı" tapşırıb.
Dövlət başçısı qeyd edib ki, Türkmənistanın Xəzər sahilinin mühafizəsinin təmin edilməsi məqsədilə eyni zamanda kompleks taktiki hərbi-dəniz təlimlərinin müntəzəm keçirilməsi nəzərdən keçirilməlidir.
"Bu təlimlərdə Müdafiə Nazirliyinin və Sərhəd Xidmətinin dəniz gəmiləri, katerləri və hərbi təyyarələri iştirak etməlidir", - Prezident bildirib. Onun sözlərinə əsasən, bütün bu tapşırıqlar 2015-ci ilə kimi icra edilməlidir.