Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir H.Bağırov /
Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan İran vətəndaşına hökm oxunub.
Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İranın Astara şəhər sakini Ruqiyyə Aşur qızı Eşikağası 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İran vətəndaşı Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin və ya prekursorları külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3-cü) və qaçaqmalçılıq (206.2-ci) maddələri ilə ittiham olunur.
O, bu il fevralın 26-da həbs edilib. Ruqiyyə Aşur qızı Eşikağasının üzərindən satmaq məqsədi ilə gətirdiyi 120 qram tiryək, 18 ədəd metadon və 10 ədəd kaden psixotrop həbləri aşkar edilərək götürülüb. O, Astara gömrük sərhədini keçdikdən sonra Lənkəranın (paytaxt Bakıdan 270 kilometr cənubda) avtovağzal ərazisində tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]