Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir H.Bağırov/
Litvada uzunluğa tullanma üzrə dünya çempionu və Pakistan vətəndaşının narkotiklərin qanunsuz satışı və qaçaqmalçılıq cinayətləri üzrə məhkəmə prosesi davam etdirilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, cümə axşamı keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Litva vətəndaşı Turskis Tomas və Pakistan vətəndaşı Zahoor Xan Əhməd oğlunun 15 il müddətinə cəzalandırılmasını hakimlərdən xahiş edib. Məhkəmə hökmü oktyabrın 6-da elan edəcək.
Adıçəkilən şəxslər şəxsiyyətləri istintaqla müəyyən edilməmiş İxrac, Arturas və Kristis adlı digər şəxslərlə mütəşəkkil dəstə yaradaraq respublikanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə satış üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycana keçirməkdə günahlandırılırlar.
Zahoor Xan Əhməd oğlu may ayının ortalarında qanunsuz olaraq ümumi çəkisi 6 kq 952 qram heroini İxrac adlı şəxsdən qəbul edib və onun tapşırığı ilə mütəşəkkil dəstənin digər üzvü Turskis Tomasa çatdırmalıymış.
Zahoor Xan Əhməd oğlu heroini Pakistandan İrana gətirib, oradan isə Astara Gömrük İdarəsinin ərazisindən, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən yaxalanıb.
Turskis Tomas ifadəsində bildirib ki, Bakıya istirahət üçün gəlib. Oteldə olarkən Arturas ona zəng edərək göndərdiyi çemodanın oteldə 209-cu otaqda qalan pakistanlıya çatdırmağını xahiş edib və ona bunun müqabilində 5000 avro veriləcəyi vəd edilib. Tomas bildirib ki, çemodanın içərisində narkotik olmasından xəbəri olmayıb. O, çemodanı həmin şəxsə çatdırarkən saxlanılıb.
Zahoor Xan Əhməd oğlu isə bez ticarəti ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycana keçirdiyi çemodanda narkotik yerləşdirlməsindən yalnız həbs olunandan sonra xəbər tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]