Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir М. Əliyev/
Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbə qəbulu üzrə direktoru Jenise Austin ilə müsahibə
- Azərbaycan Diplomatik Akademiyası 2010-2012-ci tədris ili üçün beynəlxalq münasibətlər və diplomatiya üzrə magistraturaya tələbə qəbuluna başlamışdır. Azərbaycanlı və xarici tələbələri ADA-nın magistraturasına nə cəlb edəcəkdir?
- ADA potensial tələbələr, xüsusilə də azərbaycanlılar üçün bir neçə səbəbə görə cəlbedici olmalıdır. Birncisi, ADA-nın və bu magistratura proqramının əsasında tələbələrin fəal öyrənmələri üçün akademik mühit yaratmaq və onu saxlamaq durur. Bizim tələbələr interaktiv mühazirələrlə yanaşı, real hadisələrə əsaslanan praktiki məşğələlərdən öyrənirlər. Bizim təhsil proqramı çoxşaxəlidir və üç komponentdən ibarətdir: beynəlxalq münasibətlər və tarix, beynəlxalq hüquq, beynəlxalq iqtisadiyyat və ticarət. Bu üç əsas sahəni əhatə edən dərslər birinci ilin kurrikulumunu təşkil edir. İkinci il isə seçmə fənlər tədris olunur və hər iki il ərzində tələbələrin akademik ingilis dili üzrə biliklərini təkmilləşdirmək məqsədilə ingilis dili dərsləri keçirilir.
- Bacarıqlı və bilikli olan, lakin maliyyə imkanları aşağı olan tələbənin ADA-nın magistraturasında təhsil almaq imkanı varmı? ADA-nın təhsil haqqı ilə bağlı siyasəti necədir?
- Əlbəttə ki, biz tələbələrə maliyyə yardımı göstəririk. Ancaq biz eyni zamanda inanırıq ki, tələbələr təhsil haqqının ödənilməsində iştirak etməlidirlər. Təcrübəmiz göstərir ki, tələbələr yaxşı təhsil üçün pul ödəməklə təhsilə qarşı daha məsuliyyətli olurlar. Bu onların ADA-da olduqları və ondan sonrakı müddət üçün doğrudur. Onu demək vacibdir ki, biz tələbələri qəbul edərkən onların maliyyə imkanlarını nəzərə alırıq.
- ADA dövlət ali təhsil müəssisəsidir. Dövlət qurumlarına işə qəbulda ADA məzunlarına üstünlük veriləcəkmi?
- Biz bilirik ki, bizim tələbələrimizin əksəriyyəti Azərbaycana xidmət etmək, yəni diplomat olmaq istəyir. Əminəm ki, vaxt keçdikcə məzunlarımızın dövlət müəssisələrində işlədiklərini görəcəyik. Ümid edirik ki, məzunlarımızdan bəziləri doktorantura təhsili alaraq ADA-ya professor kimi qayıdacaqlar.
Dünyanın nüfuzlu universitetlərindən professorlar ADA tələbələrinə dərs keçir. Azərbaycanda ən böyük ingilis dilli kitabxana və müasir şəhərcik tikdirməyi özünə məqsəd qoyan ADA yəqin ki həm təhsilin səviyyəsi, həm də tələbələrə yaradılan şərait baxımından Azərbaycanda təhsil almaq üçün ən yaxşı yerdir.
Bütün qeyd olunanlar ADA-nın indiki vəziyyəti və gələcəyi baxımından çox doğrudur. Ümid edirik ki, ADA potensial tələbələr üçün tanınmış bir təhsil ocağına çevriləcəkdir. Burada uğur qazanmaq üçün müəyyən xüsusiyyətlərə malik olmaq lazımdır. Ağıllı, eyni zamanda öyrənmək və öz intellektual bacarıqlarını inkişaf etdirmək həvəsi olan və öz yaşıdları ilə işləyə bilən insanlar bizim üçün potensial tələbərdir. Mən əminəm ki Azərbaycanda belə parlaq tələbələr çoxdur, amma o da nəzərə alınmalıdır ki bizim akademik standartlar çox yüksəkdir və tələbə müvəffəqiyyət qazanmaq üçün çalışmalıdır.
- ADA-nın magistraturasına xarici tələbələr necə cəlb edilir və xarici tələbələrlə birgə oxumaq azərbaycanlılara necə fayda verəcəkdir?
- Azərbaycanın nüfuzu beynəlxalq aləmdə get-gedə artır. Hal-hazırda Azərbaycanın xarici ölkələrdə 60-dan artıq diplomatik nümayəndəliyi vardır. ADA-ya xarici tələbələrin cəlb olunmasında məhz bu diplomatik nümayəndəliklər fəal iş aparırlar. Bu ilki magistr tələbələri arasında Çexiya, Keniya, Meksika, Pakistan və Rusiyadan tələbələr var. Bütün dünya ictimaiyyətini narahat edən məsələlərin müxtəlif ölkələrin nümayəndələri tərəfindən müzakirə olunması tələbələr üçün xüsusi bir imkandır. Nəhayət, mən düşünürəm ki müxtəlif ölkə vətəndaşlarının Azərbaycanda təhsil alması ölkənin maraqlarına uyğundur, çünki bu tələbələr gələcəkdə öz ölkələrində Azərbaycan, Xəzər hövzəsi ölkələri və Cənubi Qafqaz üzrə aparıcı mütəxəssislər ola bilərlər.
- Tələbə qəbulu prosesi necədir və müraciət üçün hansı sənədlər tələb olunur?
- Bizim qəbul prosesimiz üç hissədən ibarətdir. ADA-nın veb səhifəsindən (www.ada.edu.az) elektron ərizəni yazmaq lazımdır. Bu ərizə forması sadədir və qaydalar da göstərilmişdir. Tələbənin müraciət etməkdə məqsədini izah edən inşa, tərcümeyi-hal və tələbə haqqında rəy verə biləcək üç nəfərin adı və əlaqə məlumatları da ərizənin hissələridir. Təqaüd üçün müraciət də elektron ərizəyə daxildir.
Bundan əlavə, TOEFL və ya İELTS imtahanının, TQDK-nın Magistr Pilləsinə Qəbul imtahanlarının dekabr ayında keçiriləcək birinci mərhələsinin nəticələri, ali təhsil haqqında diplom və diploma əlavənin ingilis dilinə tərcümə olunmuş və notariusda təsdiqlənmiş surətləri də tələb olunur. Qəbul prosesinin son hissəsi isə seçilmiş namizədlərın ADA-nın Qəbul Komitəsi tərəfindən müsahibə olunmasıdır. ADA-nın magistraturası ilə maraqlananları hər həftənin çərşənbə günü saat 16:00-dan 17:00-a kimi keçirilən Məlumat Sessiyalarında iştirak etməyə dəvət edirəm. İştirak üçün veb səhifəmizdə qeydiyyatdan keçmək lazımdır.