...

Bakıda keçiriləcək beynəlxalq konfransda dinlərarası dialoqun perspektivləri müzakirə olunacaq - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 4 Noyabr 2009 14:49 (UTC +04:00)
Tədbirdə hazırda dünyada gedən proseslər, dinlərarası dialoqun perspektivləri, bu sahədə birgə əməkdaşlığın formaları müzakirə olunacaq. Azərbaycanın zəngin tolerantlıq ənənələri, onun müxtəlif din və etiqadlara mənsub insanların mehriban və dinc şəraitdə birgə yaşadığı ölkə olması, dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə qazanılan təcrübə ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bakıda keçiriləcək beynəlxalq konfransda dinlərarası dialoqun perspektivləri müzakirə olunacaq - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 4 noyabr / Trend , müxbir K.Zərablıyeva/

Noyabr ayının 6-7-də Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov beynəlxalq konfrans barədə Trend -a müsahibə verib.

- Hörmətli Hidayət müəllim, noyabrın 6-7-də Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru"mövzusunda keçiriləcək beynəlxalq konfrans barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri konsepsiyasına uyğun olaraq ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsinə geniş şərait yaradılmış və bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Hazırda bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Sözügedən konfrans da Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə baş tutur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində son dövrlər ölkəmiz bir sıra beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mühüm məkana çevrilmişdir. Bu konfrans həmin tədbirlərin davamı kimi qiymətləndirilməlidir.

Konfrans Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunur. Konfransda bir sıra ölkələrin dövlət başçılarının, digər rəsmi şəxslərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış adamların, siyasətçilərin və din adamlarının Şeyxülislam Həzrətlərinə ünvanladığı təbriklər səslənəcək.
Beynəlxalq konfransda 25 ölkədən, Rusiya Federasiyasının subyekti olan 5 respublikadan rəsmi şəxslər, din xadimləri, dinşünaslar, 7 beynəlxalq təşkilatın, Azərbaycandakı səfirliklərinin nümayəndələri, ölkəmizdəki din və konfessiyaların təmsilçiləri iştirakı edəcəklər.
Konfrans dini etiqad azadlığının təmin olunması, tolerantlıq ənənələrinin getdikcə gücləndirilməsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dinlərarası dialoq və əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

- Beynəlxalq konfransda hansı ölkələrdən qonaqların iştirakı gözlənilir?

- Tədbirdə bir çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış adamlar, din xadimləri və dinşünaslar iştirak edəcəklər. Görkəmli din xadimlərindən Moskva və Ümumrusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katalikos-Patriarxı II İliyanın, Belorus Mitropoliti Filaretin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddinin, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinin, Özbəkistan müftisi Osmanxan Alimovun, İran İslam Respublikası Məzhəblərarası Yaxınlaşma Komitəsinin sədri Şeyx Məhəmməd Təsxirinin və digərlərinin adlarını qeyd etmək olar.

- Beynəlxalq konfransda hansı məsələlər ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulub?

- Konfransda xarici qonaqlar, ölkəmizin tanınmış ziyalıları, din xadimləri və ictimaiyyətin nümayəndələri məruzələrlə çıxış edəcəklər. Azərbaycanda dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərlə yanaşı, ölkəmizin zəngin tarixi, burada qədimdən mövcud olmuş dinlər, müxtəlif dinlərə məxsus dini-tarixi abidələr, onların bərpası istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər konfrans iştirakçılarının diqqətinə çatdırılacaq. Tədbirdə hazırda dünyada gedən proseslər, dinlərarası dialoqun perspektivləri, bu sahədə birgə əməkdaşlığın formaları müzakirə olunacaq. Azərbaycanın zəngin tolerantlıq ənənələri, onun müxtəlif din və etiqadlara mənsub insanların mehriban və dinc şəraitdə birgə yaşadığı ölkə olması, dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə qazanılan təcrübə ilə bağlı fikir mübadiləsi aparılacaq.

- Tədbirdə ölkəmizdə mövcud dövlət-din münasibətləri barədə fikir mübadiləsi aparılacaqmı?

- Konfransda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərin qorunması, tarixi-dini abidələrin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsindən, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsindən geniş bəhs ediləcək.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti