Azərbaycan, Bakı, 12 noyabr / Trend /
Qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yoxlamalara başlanmışdır, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.
Yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilmişdir. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında "AzkoMed" MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında "İmpuls-M.V." MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində "Ülvi-Həyat" firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilmişdir.
Bundan başqa, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 220 ünvanında 97 saylı aptekin nəzdində fəaliyyət göstərən 498 saylı aptekdə kustar üsulla hazırlanmış maskanın bir ədədinin 50 qəpiyə satıldığı müəyyən olunmuşdur.
Qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektlərə verilmiş xüsusi razılıqların (lisenziyaların) dayandırılması ilə bağlı tədbirlər görülür.
Yoxlamalar davam etdirilir.