Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın Mətbuat Şurasında latviyalı ekspertlərlə görüş keçirilib.
"Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş olub", - çərşənbə axşamı Trend -a Mətbuat Şurasından (MŞ) bildirilib.
Şuranın sədri Əflatun Amaşov qonaqlara şuranın fəaliyyət istiqamətləri, keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. "Şuranın İdarə Heyətinin üzvü, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlər haqqında danışıb", - məlumatda vurğulanır.
Lentane deyib ki, bu səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri - Avropa İttifaqı ilə Azərbaycan arasında "Avropa qonşuluq siyasəti" planı çərçivəsində həyata keçirilir. "O xatırladıb ki, "Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə etibar edilib. Bu məqsədlə ölkəmizin hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər aspektləri müəyyənləşdiriləcək", - məlumatda qeyd edilir.
Görüşdə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə müdiri Vüqar Əliyev də iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]