Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Konstitusiya Məhkəməsi (KM) Ali Məhkəmənin qərarını ləğv edib.
KM-dən Trend -a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclasında vətəndaş Ülkər Rəhimovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 17 fevral tarixli qərarının Konstitusiya və qanunlar uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxıllb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rəfael Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Rəhimovanın yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması iddiasına dair iş üzrə qərarı Konstitusiyanın 13-cü, 29-cu maddələrinə və 60-cı maddəsinin I hissəsinə, Mülki-Prosessual Məcəllənin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.
İşə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılaxcaq.
KM ötən il Ali Məhkəmənin 4 qərarını ləğv edib və vətəndaşların fərdi şikayətlərini təmin edib.