Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının bu gün keçirilən iclasında 5 mətbu orqanla bağlı müraciətlər araşdırılıb. Bu barədə çərşənbə axşamı Trend -a məlumat verilib.
Əvvəlcə "Bakıelektrikşəbəkə" ASC-nin "Yeni xəbər" və "Kriminal - 107" qəzetləri ilə bağlı şikayətlərinə baxılıb. Komissiya üzvləri belə rəyə gəliblər ki, hər iki mətbu nəşrdə bu qurumla bağlı gedən yazılarda etik prinsiplərin pozulmasına yol verilib.
Komissiya üzvləri "Kriminal - 107" qəzetində gedən "Bakıelektrikşəbəkə"nin fırıldaq şəbəkəsi" sərlövhəli yazıda isə etik prinsiplərə sayğısızlığın məhz başlığından qaynaqlandığı rəyinə gəliblər. Onlar mətbu nəşrin rəhbərliyinə digər etik prinsiplərin pozulmasını da irad tutaraq "Kriminal - 107" qəzetinə Şuranın xəbərdarlığı olunması barədə rəyin qəbulunu məqbul sayıblar. Bununla belə, "Bakıelektrikşəbə" ASC-nin medianın sorğularını vaxtında cavablandırılmasının da zəruriliyi bu qurumun nəzərinə çatdırılıb.
İclasda daha iki qəzetə də xəbərdarlıq olunub. "Söz azadlığı" qəzetinin Şəmkir rayonundakı Çaparlı kənd icra nümayəndəsi İbrahim Zeynalov barədə gedən silsilə yazılarda onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə yönələn fikir və ifadələrin işlədilməsi ilə bağlı şikayətinin müzakirəsi zamanı da mətbu nəşrə xəbardarlıq olunması barədə rəy çıxarılıb. "Söz azadlığı" qəzeti rəhbərliyi həmin iradlarla razılaşdığını, məsələyə yekun vurulduğunu, qarşı tərəflə anlaşma əldə olunduğunu bildirdiyi üçün komissiya nəşrə xəbərdarlıq olunması ilə kifayətlənib. Həmçinin məqalə müəllifinin çalışdığı mətbu orqanın rəhbərliyinə də bu məqamı diqqətdə saxlamasını tövsiyə edib.
Komissiya Goranboy Rayon Mərkəzi Xəstəxanasının "Ölkə naminə" qəzeti ilə bağlı şikayətinin müzakirəsində belə məlumatı nəzərə alıb ki, həmin nəşrdə şikayət doğuran məsələ ilə əlaqədar qarşı tərəfin təkzibi dərc olunub. Bununla belə, həmin nəşrdə gedən materialların təhlilinə əsasən qəzetə xəbərdarlıq olunması məqbul sayılıb.
İclasda "Qanun alidir" qəzeti ilə bağlı məsələ ilə əlaqədar son rəyin verilməsi Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına həvalə olunub. Komissiya bu KİV-in fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan halların üstünlük təşkil etməsinin buna əsas verdiyi qənaətinə gəlib.