...

Azərbaycanda silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən şəxs 14 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 19 Mart 2010 15:16 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2000-2003-cü illər ərzində sifarşli qətillər, silahlı basqınlar, digər ağır cinayətlər törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin sonuncu üzvü, Biləsuvar rayon sakini Anar Cəfərli 14 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən şəxs 14 il azadlıqdan məhrum edildi

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2000-2003-cü illər ərzində sifarşli qətillər, silahlı basqınlar, digər ağır cinayətlər törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin sonuncu üzvü, Biləsuvar rayon sakini Anar Cəfərli 14 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştiraketmə (217.2), xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adamöldürmə (120.2.4), tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adamöldürmə (120.2.5), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə (1202.11) maddələri ilə ittiham olunub.
İttihama görə, Anar Cəfərli Pərviz Məhəmmədəli oğlu Məmmədov, Müşfiq Rəhim oğlu Cənnətov, İmran Rəhim oğlu Cənnətov və digər şəxslərlə cinayət əlaqəsinə girərək, qanunsuz silahlı birləşmə yaradıblar. Dəstə üzvləri Bakı şəhərində bir sıra silahlı basqınlar həyata keçiriblər. İki və ya daha çox şəxsin ölümündə təqsirləndiriliblər.

Anar Cəfərlinin də iştirak etdiyi dəstə üzvləri 13 noyabrı 2002-ci ildə Vaqif Məmmədhəsən oğlu Qədimova məxsus Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Orta küçəsində yerləşən bağ evinə silahlı basqın ediblər. Dəstə üzvləri tərəfindən açılan atəş nəticəsində Vaqif Qədimov güllə yarası alaraq, hadisə yerində ölüb.

Mütəşəkkil dəstə üzvləri Vaqif Qədimova məxsus mənzildən 414500 dollar, 100 min dollar dəyərində qızıl-zinət əşyları götürərək, hadisə yerini tərk ediblər.

Dəstə üzvləri, bundan başqa, Bakı şəhərində daha bir neçə mənzilə basqın ediblər. Onlar, əvvəlcədən planlaşdırdıqları kimi, evləri nəzarətdə saxlayıblar, pul və qızıl əşyalarının həmin evlərdə olmasını müəyyən etdikdən sonra öz əməllərini həyata keçiriblər.

Cinayətkar dəstənin üzvləri 10 nəfərdən ibarət olub. Onlardan 9 nəfəri 2004-cü ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dəstə üzvlərindən 3-nə ömürlük, 6-na isə 10 ildən 15 ilədək azadlıqdan məhrumolma cəzası təyin edilib.

Anar Cəfərli isə istintaqdan yayınaraq, Rusiyada gizlənib. O, ötən ilin sonlarında Azərbaycana qayıdıb və hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Xəbər lenti

Xəbər lenti