Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir A.Hüseynbala/
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Binəqədi rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
"Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilməkdədir", - cümə günü Trend -a Fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Müslümovun sözlərinə görə, Prezidentin xüsusi diqqəti və verdiyi düzgün qərarlar nəticəsində ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli formalaşıb, Fondun maddi-texniki bazası, infrastrukturu tamamilə yenilənib. "Artıq Fondun demək olar ki, bütün yerli şöbələrində müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub, "incə müştəri" sistemi və "1 işçiyə 1 kompüter" prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilıb", - o əlavə edib.
Fondun rəhbəri deyib ki, ümumilikdə, bütün ölkə ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan "mərkəzi server"də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırmağa, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılmasına nail olmağa xidmət göstərir. "Azərbaycanda qurulan sığorta-pensiya sisteminin əsas strategiyası kimi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılması çıxış edir. Təsadüfi deyil ki, bu il martın 3-5 tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının elan etdiyi "Avropanın uğurlu təcrübəsi"ndə DSMF "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilərək, Assosiasiyanın xüsusi Fəxri Fərmanı ilə təltif olunub", - Müslümov vurğulayıb.
Onun fikrincə, yaxın gələcəkdə avtomatlaşdırılmış sistemə keçid vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun pensiya təyinatına şərait yaradacaq. Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü deyən DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun şəraitə adekvat işin ortaya qoyulması tələbini qoyub. "Artıq iş şəraitimiz əvvəlki kimi deyil. Müasir səviyyədə avtomatlaşdırılmış iş yerlərinin qurulması ilə bağlı olaraq işin keyfiyyəti də nəzərəçarpacaq dərəcədə yüksəldilməlidir", - Fondun sədri deyib.
Müslümov, xüsusilə, işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların sayının artırılması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb.