Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Bağırov/
Azərbaycanda adam oğurluğunda ittiham olunan mütəşəkkil dəstənin daha bir üzvünün məhkəməsi başlayıb. Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 1993-1996-cı illərdə adam oğurluğunda ittiham olunan Afər Kərimovun cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı mayın 7-nə təyin edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin banditizm (70), qanunsuz olaraq azadlıqdan məhrumetmə (120), hədə-qorxu ilə tələb etmə (146) maddələri ilə təqsirli bilinir.
İttihama görə, Kərimov 1993-cü ildə Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun rəhvbərlik etdiyi mütəşəkkil dəstəyə qoşulub.
O, Abuzərovun başçılıq etdiyi Hüseynağa Zərbəliyev, Qabil Ağayev, Səyyad Allahverdiyev, Vidadi Əliyev və digər şəxslərdən ibarət yaradılmış mütəşəkkil dəstənin tərkibində Bakıda adam oğurluğu və silahlı qarətlərdə iştirak edib.
Kərimov adıçəkilən şəxslərlə birlikdə 1996-cı il avqustun 3-də iş adamı Tofiq Bayramovun idarə etdiyi VAZ-2105 markalı avtomaşına silahlı basqın edərək, onu "Makarov" tipli tapança ilə hədələyərək oğurlayıblar.
Dəstə üzvləri Bayramovun yaxınlarından 300 min ABŞ dolları alaraq, onu sərbəst buraxıblar.
Kərimovun ittihamında adıçəkilən şəxslər Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum ediliblər və hazırda cəza çəkirlər.