...

Azərbaycanın Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası repetitorluğa alternativ layihə hazırlayır

Cəmiyyət Materials 18 İyun 2010 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası repetitorluğa alternativ layihə hazırlayır.

"Növbəti illərdən etibarən, qəbul proqramını əhatə edən bütün fənlər üçün ayrıca videodərslər hazırlanacaq. Bununla da repetitor yanında hazırlıq keçməyə imkanı olmayan abituriyentlər TQDK-nın videodərslərindən yararlanaraq, imtahana hazırlaşa bilərlər", - Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Abbaszadə həmçinin deyib ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının test tapşırıqlarının hazırlanmasında iştirak edən ekspertlər tərəfindən abituriyentlərin çətinliklə cavab verdikləri test tapşırıqlarının izahatını verən videoçarxlar TQDK-nın internet səhifəsində yerləşdirilib. Həmin ekspertlər tərəfindən bütün problemlər araşdırılıb və videoçarxlar hazırlanıb

Komissiya sədri bildirib ki, bu il ali məktəbə qəbul olunmaq üçün birinci ixtisas qrupuna sənəd verən 18 889 nəfər builki orta məktəb məzunu, 16 904 nəfər ötən illərin məzunu, 422 nəfər builki orta ixtisas məktəblərinin məzunu, 804 nəfər əvvəlki illərin orta ixtisas məktəblərinin məzunu, 141 nəfər isə ikinci təhsil almaq istəyən ali təhsilli şəxslərdir.

İkinci ixtisas qrupuna sənəd verənlərdən 18 560 nəfər builki orta məktəb məzunu, 9 492 nəfər ötən illərin məzunu, 254 nəfər builki orta ixtisas məktəblərinin məzunu, 553 nəfər əvvəlki illərin orta ixtisas məktəblərinin məzunu, 104 nəfər isə ikinci təhsil almaq istəyən ali təhsilli şəxslərdir.

Üçüncü ixtisas qrupuna sənəd verənlərdən 17 077 nəfər builki orta məktəb məzunu, 14 744 nəfər ötən illərin məzunu, 703 nəfər builki orta ixtisas məktəblərinin məzunu, 948 nəfər əvvəlki illərin orta ixtisas məktəblərinin məzunu, 235 nəfər isə ikinci təhsil almaq istəyən ali təhsilli şəxslərdir.

Dördüncü ixtisas qrupuna sənəd verənlərdən 16 106 nəfər builki orta məktəb məzunu, 9 137 nəfər ötən illərin məzunu, 6 443 nəfər builki orta ixtisas məktəblərinin məzunu, 134 nəfər əvvəlki illərin orta ixtisas məktəblərinin məzunu, 62 nəfər isə ikinci təhsil almaq istəyən ali təhsilli şəxslərdir.

Komissiya sədri magistraturaya qəbul imtahanlarına da toxunub.

"İyunun 20-də ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. İmtahanın ikinci mərhələsində iştirak etmək üçün 6 613 bakalavr iyunun 7-dən 12-dək ərizələrini təsdiqlədib. Onlardan 5 752 nəfəri Azərbaycan, 861 nəfəri rus bölməsinin məzunudur. Bakalavrların 40 nəfəri xarici ölkə vətəndaşıdır. Qəbul imtahanları Bakıda 9, Naxçıvanda 1 binada keçiriləcək. Qəbul imtahanının 2-ci mərhələsinin nəticələri elan olunandan sonra, bakalavrlar iyunun 22-dən 25-dək magistraturalara qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak edə bilərlər", - Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti