...

Sumqayıtda təhsil ocaqlarının təhlükəsizliyinin təmin olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edilib

Cəmiyyət Materials 3 İyul 2010 09:00 (UTC +04:00)
DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev cümə günü Trend-ə bildirib ki, Sumqayıt şəhər rəhbərliyinin şəhərdəki təhsil ocaqlarının mühafizəyə götürülməsi ilə bağlı müraciətinə hazırda baxılır və müraciətlə bağlı müvafiq tədbirlər görüləcək.
Sumqayıtda təhsil ocaqlarının təhlükəsizliyinin təmin olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər rəhbərliyi ali və orta məktəblərin təhlükəsizliyinin təmin olunması üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciət edib.

DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev cümə günü Trend-ə bildirib ki, Sumqayıt şəhər rəhbərliyinin şəhərdəki təhsil ocaqlarının mühafizəyə götürülməsi ilə bağlı müraciətinə hazırda baxılır və müraciətlə bağlı müvafiq tədbirlər görüləcək.

Quliyev Bakı şəhərində yerləşən təhsil ocaqlarının mühafizəsi ilə bağlı Baş Mühafizə İdarəsinə yeni müraciətlərin daxil olmadığını deyib.

İdarə rəisi bildirib ki, paytaxtda 40-a yaxın ali və orta məktəbin təhlükəsizliyi rəhbərlik etdiyi qurum tərəfindən mühafizə olunur.

Trend-in arayışı: Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verib. 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Bundan sonra təhsil ocaqlarının mühafizəsi məsələsi aktuallaşıb.

Təhsil naziri Misir Mərdanov bir müddət öncə mətbuata açıqlamasında yeni tədris ilindən etibarən, Azərbaycanın ali və orta məktəblərinin təhlükəsizliyinin xüsusi mühafizə xidməti tərəfindən təmin edilməsi barədə razılıq əldə olunduğunu bildirib.

"Valideynləri əmin edə bilərəm ki, onların övladlarının təhlükəsizliyinə dövlət təminat verir. Təhlükəsizlik həm dövlət, həm də özəl təhsil müəssisələrində təmin etdiriləcək", - Mərdanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti