...

Azərbaycan ombudsmanı azərbaycanlı hərbçinin meyitinin qaytarılması üçün BQXK-nin prezidentinə müraciət edib

Cəmiyyət Materials 6 İyul 2010 18:36 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova azərbaycanlı hərbçinin meyitinin qaytarılmasına kömək göstərilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciət edib.
Azərbaycan ombudsmanı azərbaycanlı hərbçinin meyitinin qaytarılması üçün BQXK-nin prezidentinə müraciət edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova azərbaycanlı hərbçinin meyitinin qaytarılmasına kömək göstərilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidentinə müraciət edib.

İyunun 18-dən 19-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimovun Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən erməni hərbçiləri tərəfindən qətlə yetirilməsi, lakin onun cəsədinin bu günədək Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı ombudsman BQXK-nın prezidenti cənab Yakob Kellenberqerə məktubla müraciət edib. Məlumatı çərşənbə axşamı Ombudsman Aparatının mətbuat xidməti yayıb.

Məktubda deyilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və itkin düşüb, girov götürülüb ki, onların əksəriyyətinin yeri hələ də məlum deyil.

"Bütün bunlar beynəlxalq humanitar hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə konvensiyalarının pozulmasıdır. 1994-cü ildən atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur, bu da öz növbəsində Azərbaycan tərəfindən insan itkiləri ilə nəticələnir. Belə hallar ATƏT nümayəndələrinin keçirdikləri monitorinq zamanı da müşahidə olunub. Bundan başqa, atəşkəs rejimi dövründə Ermənistan tərəfindən cəbhə xətti boyunca yaşayan dinc sakinlərin girov götürülməsi, onların sayının gizlədilməsi, azərbaycanlı mülki əhaliyə maddi ziyan vurulması (atəşə tutma, yaşayış binalarının, kənd təsərrüfatı texnikalarının dağıdılması və s.) kimi pozuntulara yol verilir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimov cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qətlə yetirilib, lakin hələ də onun cəsədi Azərbaycan tərəfinə verilməyib. Bu isə onun ailə üzvlərinin ağır psixoloji sarsıntıya məruz qalmasına səbəb olub", - ombudsmanın məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti