...

Prokuror Azərbaycanda iş adamının ölümünə sui-qəsd hazırlamaqda ittiham olunan vəzifəli şəxslərə iş istəyib

Cəmiyyət Materials 16 İyul 2010 16:59 (UTC +04:00)
Azərbaycanda iş adamının ölümünə sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayonunun (paytaxt Bakıdan 260 kilometr cənub-qərbdə yerləşir) polis şöbəsinin və rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin cinayət işi üzrə prokuror iş istəyib.
Prokuror Azərbaycanda iş adamının ölümünə sui-qəsd hazırlamaqda ittiham olunan vəzifəli şəxslərə iş istəyib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iş adamının ölümünə sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayonunun (paytaxt Bakıdan 260 kilometr cənub-qərbdə yerləşir) polis şöbəsinin və rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin cinayət işi üzrə prokuror iş istəyib.

Prokuror cinayətdə ittiham olunanların hər birinə 9 il iş istəyib.

Ağcabədi rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi polis mayoru İbrahim Ağamirov, Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Bulud Quliyev, Ağcabədi rayon sakinləri Şahbaz CəlilovƏləkbər Ələkbərov bu ilin aprel-may aylarında Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Füzuli Rüstəmova məxsus əmlakın yandırılması və partladılması, həmçinin onun öldürülməsi üçün hazırlığa başlayıblar.

Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəmovla aralarındakı şəxsi münasibətlər zəminində ondan qisas almaq niyyəti ilə onun rayonun girəcəyində yerləşən "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq, sonra isə onu öldürmək qərarına gəlib.

Ağamirov bu məqsədlə tanışı Quliyevə yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Rüstəmovu öldürməyi sifariş verib.

Quliyev isə sifarişin icrası üçün tanışı, qəsdən adamöldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Cəlilova yanacaqdoldurma məntəqəsini partlatmağı və qətli tapşırıb, bunun müqabilində 3 min, qətl üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib.

Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib və bu cinayətin müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib. Quliyev və Ələkbərov qeyd olunan yanacaqdoldurma məntəqəsinin mayın 2-də gecə saat 01:03 radələrində yandırılması və partladılması barədə razılaşıblar.

Quliyev ilkin olaraq "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı Ələkbərova tapşırıb və bu işin görülməsi üçün ona 500 ABŞ dolları məbləğində beh verib, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd edib.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adamöldürməyə hazırlıq (28,120.2.1-ci), tamah məqsədi ilə və ya sifarişlə adamöldürməyə hazırlıq (28,120.2.5-ci), özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd (29,186.2.1-ci) və özgənin əmlakını qəsdən məhvetmə, zədələmə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd (29,186.2.2-ci) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti