...

Azərbaycan deputatının müəllifi olduğu "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının təqdimat mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 İyul 2010 17:09 (UTC +04:00)
Azərbaycan Atatürk Mərkəzində şənbə günü millət vəkili Qənirə Paşayevanın "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan deputatının müəllifi olduğu "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının təqdimat mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: altıncı abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Atatürk Mərkəzində şənbə günü millət vəkili Qənirə Paşayevanın "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, kitabın müəllifi, millət vəkili Qənirə Paşayeva bu işin "Türk dünyasını tanıyaq və tanıdaq" layihəsinin tərkib hissəsi olduğunu deyib. Bu gün türkdilli xalqların bir-birini daha yaxından tanımasının vacibliyindən danışan Paşayeva bu istiqamətdə ciddi işlərin görüldüyünü qeyd edib.

"Türk xalqları bir-birini daha yaxından tanımalıdırlar ki, bir-birilərinə sahib çıxsınlar. Bu məqsədlə də biz bu işə başladıq. Mən hələ jurnalist olduğum dövrlərdə Türkiyədə, həmçinin Şimali Kiprdə olduğum zaman gəzdiyim, gördüyüm yerləri bir kitab halında nəşr etdirməyi qarşıma məqsəd qoymuşdum. İlk olaraq Bursa ilə bağlı bir layihə həyata keçirdik. İkinci Şimali Kipr və Kipr türkləri ilə bağlı daha bir layihə gerçəkləşdirdik. Yaxın zamanlarda isə Krım türkləri ilə bağlı daha bir layihəni həyata keçirmək niyyətindəyik. Bütün bu layihələri həyata keçirməkdə məqsədimiz Azərbaycan xalqını türk xalqları ilə daha yaxından tanış etməkdən ibarətdir", - Paşayeva deyib.

Təqdimat mərasimində Azərbaycanın millət vəkilləri, ziyalılar, yazıçı və publisistlər, habelə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Zəki Cazioğlu ərsəyə gətirilən "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının çox əhəmiyyətli olduğunu və bu kitabda zəruri məlumatların yer aldığını qeyd edib.

"İnanıram ki, bu kitab xalqlarımızın bir-birini daha yaxından tanımasına yardımçı olacaq. Burda çox əhəmiyyətli bilgilər yer alıb. Hətta mən bu kitabdan Şimali Kiprlə bağlı bilmədiklərimi oxudum", - Cazioğlu həmçinin ərsəyə gətirilən "Kuzey Kıbrıs və Kıbrıs Türkləri" kitabının ölkələr arasında turizmin inkişafına da dəstək ola biləcəyini bildirib.

Azərbaycan Parlamentinin deputatı Həvva Məmmədova isə Paşayevanın müəllifi olduğu kitabı çox önəmli və uğurlu adlandırıb.

"İnanıram ki, bu kitab xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da yaxınlaşmasına xidmət edəcək. Türk dünyasının zəngin tarixi və mədəniyyəti var. Biz hər zaman bunu öyrənməli və təbliğ etməliyik", - Məmmədova deyib.

Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz deputatın layihəsinin türk xalqlarının birləşməsinə xidmət etdiyini deyib.

"Qənirə xanım Paşayeva uzun illərdən bəri bu istiqamətdə çox böyük işlər görüb. Biz bu xidmətləri yüksək dəyərləndiririk", - Mərkəzin rəhbəri qeyd edib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Azərbaycandakı nümayəndəsi Gürşad Məlik Sarıaslan kitabın Kipr türklərinə böyük hədiyyə olacağını qeyd edib.

"İyulun 20-si Kipr türklərinin bayramıdır. Ona görə də bu kitabın Şimali Kipr Türk Respublikasında da təqdimatı olacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti