...

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2010 13:21 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcək.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcək.

Fondun bazar ertəsi yaydığı məlumata görə, artıq ənənəyə çevrilən festival günlərində ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilər Azərbaycanın bu gözəl guşəsində Şərqlə Qərb musiqisinin birgə səsləndiyi möhtəşəm təntənənin iştirakçısı olacaqlar.

Ötən il olduğu kimi, bu il də Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, festivala qatılan çoxsaylı yerli musiqisevərlərə dünya musiqi inciləri ilə yaxından tanış olmağa imkan yaradacaq.

Məlumata görə, beynəlxalq festivalın qonaqları sırasında Yuri Başmet, Boris Berezovski, Al Cerro kimi dünya şöhrətli sənət korifeyləri ilə yanaşı, gənc musiqiçilər də iştirak edəcəklər. Ötən il olduğu kimi, bu il də onlar üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Orkestri ilə yanaşı, London Kral Filarmonik Orkestrinin ifasında konsert proqramları təqdim olunacaq. Proqrama Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Çaykovski, S.Raxmaninov, V.A.Motsart, F.Şubert və digər bəstəkarların ölməz əsərləri daxildir.

Festival günlərində caz həvəskarları 7 dəfə "Qremmi" kimi ən yüksək Amerika musiqi mükafatını almış cazmen Al Ceronun ifası ilə daha yaxından tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti