Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Jurnalistlər Birliyi (AJB) çərşənbə günü Milli Mətbuatın yaranmasının 135-ci ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimini keçirib.
Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən AJB-in sədri Elçin Şıxlı son zamanlar Azərbaycanda jurnalistikaya və jurnalist peşəsinə hörmətin azaldığından təəssüfləndiyini bildirib. O qeyd edib ki, jurnalistikaya gələn gənclərimiz bu peşəni şərəfli bir peşə kimi qəbul etmirlər.
"Gənclərimizdə peşəkar jurnalistikaya həvəs yoxdur. Jurnalistikamızın kəmiyyətdən-keyfiyyətə keçmə zamanı gəlib çatıb", - Şıxlı əlavə edib.
Sonra AJB-in təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub. Mükafat 7 nominasiya üzrə təqdim olunub.
AzTV-nin əməkdaşı Bəturə Nəbiyeva "Mən də uşaq olmuşam" müəllif verilişinə görə, AJB-in üzvü, fotorəssam Mirələkbər Ağasıyev, iqtisadi mövzuda yazılarına görə "Üç nöqtə" qəzetinin əməkdaşı Pünhan Əfəndiyev, Azərbaycan radiosunun əməkdaşı - müəllif verilişinə görə Hikmət Nuriyev, AJB-in Sumqayıt şəhər şöbəsinin rəhbəri Rafiq Odayev Sumqayıtın sosial-iqtisadi həyatı ilə bağlı silsilə yazılarına görə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuatının tarixi" kitabını yazdığına görə və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevə mükafatlar təqdim olunub.
Qaliblərə diplomlar verilib.