...

Azərbaycanın Ekologiya Nazirliyi meşə yanğınlarının səbəblərinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 3 Avqust 2010 16:25 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şabran rayonunda baş vermiş meşə yanğınlarının səbəblərinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Azərbaycanın Ekologiya Nazirliyi meşə yanğınlarının səbəblərinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şabran rayonunda baş vermiş meşə yanğınlarının səbəblərinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Nazir bildirib ki, müraciətdə meşə yanğınlarının səbəblərinin araşdırılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi xahiş olunub.

Bir neçə gün öncə Şabran rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 30 km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus dövlət meşə fondunun ərazisində 5 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə fondunun qalan ərazisi yanğından mühafizə olunub.

Bağırov yanğınlara əhalinin etinasızlığının səbəb olduğunu deyir.

"Meşə idarəsindən yanğına ehtiyatsızlığın səbəb olduğu deyilir. Mən deyərdim ki, yanğınlar etinasızlıq səbəbindən baş verib. Çünki həmin ərazidə tonqalların qalanması, otlaq sahələrinin yandırılması bu nəticəyə gətirib çıxarıb", - nazir vurğulayıb.

Nazir yanğınların qısa müddətdə söndürüldüyünü bildirib və qeyd edib ki, Azərbaycanda meşə yanğınları bir gündən artıq davam etmir.

"Şabrandakı yanğın da Fövqəladə Hallar Nazirliyinin və yerli əhalinin birgə səyi ilə söndürülüb", - Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti