Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/
Sumqayıtda ötən ay 2450 ədəd mövsümi gül, dekorativ kol və ağac əkilib. Bu barədə çərşənbə günü Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindn məlumat veriblər.
Məlumatda qeyd olunur ki, "Ekologiya ili" çərçivəsində Sumqayıtda mövcud olan bütün küçə, park və xiyabanlardakı yaşıllıq sahələrinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilməklə yanaşı, eyni zamanda, cari ilin iyul ayı ərzində şəhərin bir çox ərazilərində yeni ağaclar əkilib, abadlıq-bərpa işləri aparılıb.
Sumqayıt Şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən verilən məlumata əsasən, ötən ay ərzində şəhərin müxtəlif ərazilərində, ümumilikdə, 940 kv.m yeni qazon sahəsi, bundan əlavə, 2450 ədəd mövsümi gül, dekorativ kol və ağaclar əkilib. Belə ki, şəhərdə inşa edilən Üzeyir Hacıbəyovun abidə-kompleksi ətrafında 2000 ədəd kasmeya gülü, 12 ədəd tuya şarı, 13 ədəd finik, 11 ədəd tuya pramidalnı, 50 ədəd eonimus, 14 ədəd bizza dekorativ kolu, 350 ədəd isə senariya gülü əkilib. Eyni zamanda, yaşıllıqlara suvarma işlərinin keyfiyyətinin artırılması, su itkisinin qarşısının alınması məqsədilə yeni su xətti çəkilib.
Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv.m təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, göstəricinin 2 dəfə artırılaraq 50 kv.m.-ə çatdırılması nəzərdə tutulub.