...

Bakıda tanınmış alimlə vidalaşıblar

Cəmiyyət Materials 4 Avqust 2010 17:25 (UTC +04:00)
Çərşənbə günü Bakıda tanınmış alim, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə ilə vidalaşıblar.
Bakıda tanınmış alimlə vidalaşıblar

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev /

Çərşənbə günü Bakıda tanınmış alim, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə ilə vidalaşıblar.

Vida mərasimi BDU-da keçirilib.

Fuad Qasımzadə 2010-cu il avqustun 3-də 81 yaşında vəfat edib.

Fuad Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb. Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olub.

Əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlayıb. O, 1955-1967-ci illərdə burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb, 1966-cı ildən ömrünün sonunadək kafedra müdiri olub. Pedaqoji işlə yanaşı o, 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifəsini tutub.

Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini alıb. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Vida mərasiminə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, bir çox dövlət, elm və ictimaiyyət nümayəndələri gəlib.

Xəbər lenti

Xəbər lenti