...

Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2010 17:24 (UTC +04:00)
Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub.
Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub (FOTO)

Azərbaycan, Gəncə, 19 avqust /Trend, müxbir V.Məmmədov/

Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub.

Açılışda deputatlar Qənirə Paşayeva, Rauf Əliyev və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, respublikamızda idmana xüsusi diqqət yetirilir. Millət vəkili qeyd edib ki, gənclərimizin sağlam böyümələri, pis vərdişlərə meyillərinin olmaması üçün idmanın inkişafı çox önəmli və vacibdir.

"İdmanın inkişafı istiqamətində neçə illərdir işlər gedir və gün-gündən bu işlərin həcmi artır. Eyni zamanda, biz idmançılarımızın qələbələrini görürük. Hər il beynəlxalq olimpiadalarda, beynəlxalq turnirlərdə uğurlarımız artır və Azərbaycanın Bayrağı yüksəklərə qalxır, Dövlət Himnimiz oxunur", - deyən Paşayeva bildirib ki, Prezident İlham Əliyev bölgələrdə idman kompleksləri və stadionların açılması istiqamətində tapşırıqlar verib.

Bütün bunlar bölgələrdə və kəndlərdə idmana maraq və meylin güclü olduğunu göstərir. Texniki imkanların daha da artırılmasını bildirən millət vəkili, bu gün Tovuzda start götürən layihənin məqsədinin də idmanın inkişafı olduğunu bildirib.

Millət vəkili və AFFA-nın nümayəndəsi Rauf Əliyev isə Əyləncəli Uşaq Futbol Məktəbi barədə məlumat verərək bildirib ki, bu məktəb 2002-ci ildən respublikada fəaliyyət göstərir. Bu günə kimi 10 minə yaxın yeniyetmənin və 3 minə yaxın təlimçinin bu layihədə iştirak etdiyini söyləyən Əliyev, bu il Azərbaycanın bölgələrində 12 məktəbin açılışının nəzərdə tutulduğunu deyib.

"Tovuz həmişə yaxşı futbolçular yetişdirib. Mən hesab edirəm, Əyləncəli Uşaq Futbol Məktəbi layihəsində nəinki uşaqların asudə vaxtları səmərəli keçir, həm də yeniyetmələr arasında gələcəyin futbolçuları da hazırlanır", - deyə R. Əliyev bildirib.

Əyləncəli Uşaq Futbol Məktəbi Danimarkanın vəsaiti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə fəaliyyət göstərir. Layihə ilə bağlı təlimçilər Gürcüstan və Danimarkada müxtəlif dərsləri aparmaq üçün təlimlər keçiblər.

Məktəbdə dərslər xüsusi proqram üzrə keçirilir. Meydança 12 hissəyə bölünür və orada bir həftə ərzində proqram üzrə uşaqlara müxtəlif dərslər keçirilir.

Tovuzda start götürən Əyləncəli Uşaq Futbol Məktəbinə 14 məktəbdən 168 uşaq qatılıb. Onlara top, idman forması, suqabı kimi hədiyyələr verilib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, növbəti futbol məktəbi Tovuzun sərhəd kəndlərində təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti